Xalqı narahat edən istənilən məsələ Prezidentin gündəliyində birinci olur
Bu günün reallığı göstərir ki, Azərbaycan hazırda iki cəbhədə mübarizə aparmaqdadır. Cənab İlham Əliyev bir tərəfdən qlobal pandemiyaya qarşı mübarizə tədbirləri, digər tərəfdən işğalçı Ermənistanın hərbi-siyasi təxribatlarına layiqli cavabın verilməsi istiqamətində qətiyyətli qərarlar qəbul edir, inamlı, cəsarətli addımlar atır.
Pandemiya ilə uğurlu mübarizənin nəticəsidir ki, bu gün ölkədə həm virusa yoluxma istiqamətində müsbət dinamika müşahidə olunur, həm də xalqın sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müxtəlif layihələr reallaşdırılır. Prezidentin ölkə iqtisadiyyatının 2,8 faiz azalması fonunda təqdim etdiyi sosial dəstək paketi çərçivəsində həyata keçirilən proqramların 5 milyon insanı əhatə etməsi bunu təsdiqləyir.
Cənab İlham Əliyevin böhran şəraitində həyata keçirdiyi siyasət bununla yekunlaşmır. Bütün dövrlərdə olduğu kimi, Azərbaycanın mənafeyinə təsir edən hər bir məsələni xüsusi nəzarətində saxlayan, bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldıran və onların həllinə nail olan, milli maraqları qətiyyətlə, xüsusi prinsipiallıqla müdafiə edən İlham Əliyev ənənəsinə sadiqlik nümayiş etdirir. Ölkə ictimaiyyəti İlham Əliyevin milli maraqlar naminə ciddi addımlar atdığına və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırdığına daim şahidlik edir. Bu da, əlbəttə ki, hər kəsdə fəxarət hissi yaradır.
Son aylarda Ermənistanın aşkar şəkildə Dağlıq Qarabağda həyata keçirdiyi qeyri-qanuni məskunlaşma tədbirləri, eləcə də həmsədr ölkə tərəfindən işğalçının silahlandırılması Azərbaycan xalqının haqlı narazılığına, ciddi etirazına səbəb olub. Baş verən hadisələr işğalçı Ermənistanın beynəlxalq konvensiyaların şərtlərini pozduğunu və həmçinin müharibəyə hazırlaşdığını göstərir. Çünki heç bir beynəlxalq təşkilat, xüsusən də ATƏT-in Minsk qrupu Ermənistana təzyiq göstərmir. Hər zaman olduğu kimi, seyrçi mövqe nümayiş etdirilir. Bu da bir daha ikili standartlar prinsipinin davam etdiyini təsdiqləyir.
Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir.Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır