BMT-nin gücləndirilməsinəvə islahata ehtiyac var.
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib.
İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda çıxış edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.
Dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi etdi.
“Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması və beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.”
Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur;
- Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir.
- Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir;
- Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır;
- Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib;
- Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu;
- Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir;
Ermənistan müharibəyə hazırlaşır
- Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir;
Ermənistanda faşizm dövlət səviyyəsində təbliğ edilir
- Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general QareginNjde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub;
- Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür;
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
- Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.