Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vəziyyət milli birliyə çağırışdır

29 sentyabr 2020 | 16:00

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə "Hərbi vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli Fərman imzalayıb. Elə həmin gün Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən iclas keçirildi və "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edildi.
Bu Fərmanın imzalanması Azərbaycanda xalq, dövlət, ordu birliyinin növbəti təzahürü oldu. Bu gün tam əminliklə deyə bilərik ki, hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.

Hərbi vəziyyət elan edilməsi ilə eyni zamanda erməni təxribatlarına adekvat cavab verildi. Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavab olmaqla yanaşı, xalq-ordu birliyinin əyani göstəricisi oldu. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.

Hərbi vəziyyət həm də Ermənistanın işğal siyasətinə cavabdır. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.

Ölkəmizdə hərbi vəziyyətin elan edilməsi həmçinin bizim vətəndaş məsuliyyətimizi də artırır. Bu gün kimliyindən, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bunu hər bir ölkə vətəndaşı dərk etməli, dövlətinin, xalqının və ordusunun yanında olduğunu üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməklə nümayiş etdirməlidir.

Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır. Bu mesajla bütün dünya həm də bir daha şahidi olur ki, Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.

 

Seçim edilib, siyasi qərar qəbul olunub. "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Keçidlər