Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibə verib.

30 sentyabr 2020 | 16:00

       Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında verdiyi müsahibədə Paşinyanın yalanlarını da, özünü də ifşa etdi
Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır.
   Ermənistan hakimiyyətinin təcavüzkar və faşist-diktatura mahiyyəti dünya üçün getdikcə daha aydın şəkildə açılır, Azərbaycan diplomatiyasının ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi işğalçını təklənmiş vəziyyətə salır.
  Ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın "Rossiya 1” telekanalına müsahibə verərək təxribat nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdıran Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti haqqında Rusiya ictimaiyyətini geniş şəkildə məlumatlandırdı.
Ermənistan dinc əhaliyə qarşı müharibəyə başlayıb
   Rusiyalı jurnalistlərin suallarını ətraflı şəkildə, dəqiq detallara toxunmaqla cavablandıran cənab İlham Əliyev cəbhədə vəziyyətin gərgin olaraq qaldığını söylədi və hər zaman olduğu kimi, bu dəfə də Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, əsas hədəfinin yaşayış məntəqələri, mülki əhali olduğunu bildirdi.
   Prezident bununla bağlı faktları söylədi: "Ermənilərin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var”.
Əlbəttə ki, bu vəziyyətdə heç bir dövlət seyrçi mövqe nümayiş etdirə bilməzdi. Odur ki, Azərbaycan da təcavüzkara adekvat cavab vermək, xalqını və torpağını müdafiə etmək məcburiyyətində qaldığı üçün işğalçının hücumlarını dəf edib, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına qərar verdi. Artıq bir sıra yaşayış məntəqələri işğaldan azad edilib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklər tutulub. Hazırda fəal döyüş əməliyyatları aparılır.

   Maraqlıdır ki, bundan sonra rusiyalı jurnalistlərin suallarının əsas hissəsi Türkiyə ilə bağlı oldu: Türkiyənin hərbi əməliyyatlarda rolu, Ermənistan hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması və Suriyadan gətirilən muzdluların Azərbaycan tərəfdən savaşması...
Yalnız bir sual danışıqların yenidən bərpa olunması ehtimalı barədə idi.
    Prezident isə Türkiyə ilə bağlı suallara dəqiq və səlis cavab verərək jurnalistlərin diqqətinə çatdırdı ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır və dost, qardaş ölkə olaraq Azərbaycanı hər zaman dəstəkləyib.
   Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazilərini hələ də işğalda saxladığını xatırladan dövlətimizin başçısı Türkiyənin Azərbaycana mənəvi dəstək verdiyini, Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını, "feyk-nyus” olduğunu vurğuladı. İlham Əliyev bildirdi ki, Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut mövcud deyil və buna zərurət də yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
    Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin döyüş əməliyyatlarında iştirakı ilə bağlı erməni tərəfinin iddialarını puça çıxaran Prezident xatırlatdı ki, bugünkü müasir texnologiyalar dövründə, peyk müşahidələri imkanları olduğu halda bu cür faktları gizlətmək mümkün deyil: "Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.
    Erməni yalanını növbəti dəfə puç edən cənab İlham Əliyev Rusiyanın aparıcı mediasında Türkiyənin də maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi.
Eyni şəkildə suriyalı muzdlularla bağlı sualı cavablandıran dövlət başçısı Azərbaycanın əhali potensialının yüksək olduğunu, 10 milyonluq ölkənin xaricdən muzdlu gətirməyə ehtiyacının olmadığını vurğuladı.
    Bu gün Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanlar orduya çağırılır: "Bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.
     Prezident Ermənistanın növbəti təxribatını tutarlı faktlarla ifşa etdi
    Jurnalistin "bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub” sualını cavablandırarkən cənab İlham Əliyev əsl həqiqəti söylədi: "Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır”.
Prezident bir daha Ermənistanın iyul ayında Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribatlarını xatırlatdı və bildirdi ki, bu gün baş verənlər eyni ssenarinin davamıdır.
Çünki bu təxribatdan sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi. Sonra isə Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin "başçısının” qondarma inauqurasiyası keçirildi.
    Təbii ki, bütün bunlar müharibə cinayətidir. Bu, açıq-aşkar Cenevrə Konvensiyasının pozulması deməkdir. Bütün bunlar əlbəttə, Azərbaycana qarşı şüurlu təxribatlar, ölkəmizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək idi. Lakib buna baxmayaraq, Azərbaycan tərəfi yenə də təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda bu cür çirkin oyunlara cəhd göstərdilər.
    Cənab İlham Əliyev təxribatların digər səbəbinin isə Ermənistanda mövcud olan daxili siyasi böhrandan qaynaqlandığını dedi: "Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutub. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir”.
    Yəni, Paşinyana bir xarici amil, necə deyərlər qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın. Köhnə xələflərinin yolunu gedən baş nazir də Azərbaycan xalqına qarşı təcavüz etməyə çalışır.

Keçidlər