Biz öz torpağımızdayıq
Biz öz torpağımızdayıq
"Ermənilər öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər".
Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib. “Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq”.
Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir.
Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsinin yox olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək”.