11 dekabr 2025-ci il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar qəbulu keçirilib
11 dekabr 2025 | 14:50
320 ailəlik Xocavənd qəsəbəsində vətəndaşların müraciətləri dinlənilib.
11 dekabr 2025-ci il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar qəbulu keçirilib. Qəbul Ulu öndərin və Şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək ötən yüzilliyin ən görkəmli dövlət xadimlərindən olan Heydər Əliyevin həyat yolu və xalqımıza bəxş etdiyi zəngin irsin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib. Ümummilli Liderin 1970-80-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayan başçı həmin dövrdə ölkəmizin əldə etdiyi uğurları diqqətə çatdırıb. Eyvaz Hüseynov 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, sürətli iqtisadi islahatlar aparılması, nəhəng qlobal layihələrin həyata keçirilməsi, Azərbaycanın nəqliyyat və digər sahələr üzrə beynəlxalq tərəfdaşlığının genişlənməsindəki xidmətlərini nəzərə çatdırıb. Həmin strategiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üçün geniş imkanlar açan qlobal nəqliyyat və iqtisadi əməkdaşlıq layihələri vurğulanıb. Azərbaycanın Orta Dəhlizin həlqəsi kimi Çin-Avropa ticarətinin sürətlənməsində mühüm rol oynadığı, bütün bunların Ulu Öndərin “İpək Yolu” ideyasının davamı kimi qlobal əlaqələri genişləndirdiyi bildirilib.
Eyvaz Hüseynov torpaqlarımızın işğaldan azad olunmasını, suverenliyimizin tam bərpasını Ulu Öndərin ən böyük arzularından biri kimi önə çəkərək böyük liderin ideyalarının Azərbaycanı daim işıqlı sabahlara aparacağına dərindən inandığını vurğulayıb.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib.






