Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir.

18 oktyabr 2020 | 16:00

Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir. 18.10.2020​

Prezident İlham Əliyevin  həyata keçirdiyi xarici siyasətin prioritetini Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli təşkil  edir. Dövlət başçısının bütün xarici səfərləri zamanı  keçirdiyi görüşlərinin və nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışlarının əsasını münaqişənin ədalətli həlli, Ermənistanın bu gün də işğalçılıq siyasətindən əl çəkməməsi təşkil edir. Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə münaqişənin nizamlanması ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini  ölkəmizin dünya birliyində artan reytinqinin nəticəsi kimi dəyərləndirdi. Dedi ki, bu da beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətindən təngə gəlməsinin nəticəsidir , son dövrlər  beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər  də bunu təsdiqləyir: “Bir neçə faktı diqqətə çatdırmaq istərdim. Bu ilin iyulunda Avropa İttifaqı – Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində  “Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə hörmət  əsasında, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərinin razılaşdırılması öz əksini tapdı.  Elə həmin ay  NATO  dövlətlərinin Brüssel Zirvə toplantısının yekununda qəbul edilən bəyanatda növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə  olundu.  Bir qədər sonra Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri  çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransında  səsləndirdiyi fikri də xatırlatmaq yerinə düşərdi.  Kansler dedi ki, Almaniya münaqişənin həlli istiqamətində səylərini BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında davam etdirəcək”.Deputat Almaniya Federativ Respublikası  hökumətinin  Bundestaqdan ona ünvanlanan suala cavabını da xatırlatdı və bildirdi ki, həmin cavabda  AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində  olan Dağlıq Qarabağı, yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi  kimi qəbul edir. Bundan başqa, Almaniya  qondarma  “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını da bəyan edib.Ç.Qənizadə dedi ki, ATƏT-in Minsk qrupu həmsədrlərindən  olan ABŞ-ın dövlət rəsmilərinin Ermənistan–Azərbaycan,  Dağlıq Qarabağ  münaqişənin ədalətli  həlli kontekstində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vacibliyini əsas gətirmələri birbaşa ölkəmizin mövqeyinin dəstəklənməsi deməkdir. Deputat ABŞ-ın Ermənistandakı səfiri, həmişə ermənipərəst mövqeyi ilə tanınan Riçard Millsin işğalçı ölkənin kütləvi informasiya vasitələrinə  verdiyi müsahibəsini də xatırlatdı. Dedi ki, diplomatın münaqişənin həllinin “sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslandığını bəyan etməsi Ermənistana ciddi zərbə oldu: “Beynəlxalq ictimaiyyətin münaqişənin ədalətli həllinə tərəfdar çıxmasını digər bir fakt da təsdiqləyir. Ermənistanın ev sahibliyi ilə keçirilən Frankofoniya sammitində  yekun bəyanatda  münaqişənin həllinin əsaslarını Helsinki Yekun Aktının təşkil etdiyi qeyd olunması,  Ermənistanın bir sıra  təkliflərinin yekun bəyanatına daxil edilməməsi bu ölkənin işğalçı siyasətindən əl çəkməməsinin nəticəsidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan işğalçı siyasətini davam etdirdikcə, beynəlxalq aləmdən təcrid olunur”.Deputat qeyd etdi ki, artıq  Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşüb. Bu ölkədəki siyasi gərginlik, iqtisadi böhran, aclıq və səfalət təxribatçı əməllərin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin  davam etdirilməsinin, atəşkəs rejiminə riayət edilməməsinin nəticəsidir. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasından başqa çıxış yolu qalmayıb. Əgər bu baş verməzsə,  işğalçı ölkənin vəziyyəti daha pis olacaq.

Keçidlər