Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti.28.10.2020
“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə, Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.” Bu sözləri söyləyən ölkə rəhbəri xalqı bir daha əmin edib ki, Azərbaycan ordusu cəbhədə düşmənə qan uddurur, siyasi arenada isə ölkə başçısı baş da olmaqla dipomatiyamız əsgərlərimizlə birlikdə Vətən savaşında.