Status-kvoartıq yoxdur.
Status-kvoartıq yoxdur. 21.10.2020
Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın 27-dən Ermənistanın növbəti təxribatına cavab olaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər ordumuzun nəzarətindədir. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu əməliyyatlar sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik olan hərbi gücüdür. Eyni zamanda, cənab Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu münaqişə dondurulmuş qala bilməz və Azərbaycan istənilən an status-kvonu dəyişmək iqtidarındadır. Artıq bu gün status-kvo yoxdur və Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir.
Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Ermənistanın danışıqların formatını dəyişdirmək kimi iddialarının üzərindən birdəfəlik xətt çəkildi, Paşinyan artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətində qalıb: “Bu günədək atılan addımlar və sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının “Biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirik” fikirlərinin tam əsaslı olduğunu təsdiq etdi. Hazırkı reallıq ondan ibarətdir ki, artıq münaqişənin "hərbi yolla həlli yoxdur” fikri alt-üst olub, status-kvo dəyişib. Cənab Prezident İlham Əliyev mükəmməl siyasi gedişlərlə regionun geosiyasi mənzərəsini yenidən formalaşdırdı. Beləliklə də bundan sonrakı istənilən proseslər Azərbaycanın maraqlarını təmin etməlidir. Əgər Ermənistan bu günə qədər baş vermiş hərbi əməliyyatlar nəticəsində yaranmış mənzərədən nəticə çıxarmasa, danışıqlar yolu ilə işğalçı siyasətinə son verməsə, təcavüzkarın hərbi yolla cəzalandırılması davam edəcək”.