Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Savaşı Azərbaycanın - İlham Əliyevin zəfəri ilə başa çatdı!

11 oktyabr 2020 | 16:00

Vətən Savaşı Azərbaycanın - İlham Əliyevin zəfəri ilə başa çatdı! 10.11.2020

2020-ci il noyabrın 10-u xalqımızın, dövlətimizin tarixinə qızıl hərflərlə yazılan şanlı tarixdir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal altında olan hər qarış torpağı Vətən etmək üçün axıdılan qanların qisasının alındığı, torpaqlarımızın bütövlüyü yolunda qurban gedən şəhidlərin ruhlarının şad olduğu gündür. Dünyada yaşayan əlli milyonluq azərbaycanlının başını dikəldən, bu möhtəşəm xalqı qürurlu edən, qalib edən bir tarix yazılır. Bu sevincli, qürurlu günləri bizə yaşadan, qələbə sevincini xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevdir. Müqəddəs Vətən savaşının ilk günlərindən xalqın öz liderinin ətrafında sıx birləşməsi müzəffər ordumuzun şanlı qələbəsini təmin etdi. Dövlətimizə qarşı yönələn təzyiqlərə baxmayaraq Prezidentimiz nə qədər güclü xarakterə, mətin iradəyə malik olduğunu sübut etdi. Xalq-Prezident-Ordu birliyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində bu gün torpaqlarımız yağı düşmənin işğalından azad olundu. Azərbaycan xalqının möhtəşəm birliyi, qüruru qarşısında erməni mifi darmadağın oldu. Artıq biz dünyaya nə qədər qürurlu xalq olduğumuzu bir daha nümayiş etdirdik və haqq işimizi sona çatdırdıq. Bu gün hər bir azərbaycanlı öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib və nümayiş etdirilən bu birliyin əzəməti sayəsində düşmənin bütün havadarları, himayədarları məğlub durumdadır. İllərlə həsrətini çəkdiyimiz torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.Prezident İlham Əliyevin Azərbaycanı qüdrətli dövlət etmək yolunda gördüyü böyük işlərin, çəkdiyi əziyyətin, zəhmətin bəhrəsi göz önündədir. İqtisadi cəhətdən qüdrətli dövlət, güclü və modern ordu qurmaq istiqamətində görülən işlər, diplomatik sahədə aparılan uğurlu siyasət bizim Qələbəni təmin etdi. Qırx dörd gün ərzində düşmən darmadağın oldu və Şuşada əyyaşlıq edən, rəqs etməklə qürurumuzu təhqir edən N.Paşinyan və ona havadarlıq edənlər layiqli cavablarını aldılar və bunun bədəlini hələ çox ödəyəcəklər. Eyni zamanda, döyüşən əsgərlərin şücaəti, yaratdıqları qəhrəmanlıq salnamələri xalqımızın nə qədər böyük potensiala malik olduğunu ortaya qoydu. Hələ bu döyüşlərlə bağlı nə qədər kitablar yazılacaq, filmlər çəkiləcək və bizim qürurlu xalqımızın keyfiyyətləri orada daha da aydın nümayiş etdiriləcək. Xalqın bütün nümayəndələri, ahıldan tutmuş uşağadək bir nəfər kimi hamı Müzəffər Ali Baş Komandanının, rəşadətli ordusunun yanında idi. İllərdir bu Böyük Qələbəyə həsrət olan xalq bütöv bir orduya çevrilmişdi. Bu hisslərin sahibi olan bir xalq məğlub ola bilərmi? Bilməz! İlham Əliyev kimi qüdrətli sərkərdəsi olan bir ordu məğlub ola bilərmi? Əsla!

“Ölkə başçımızın fəaliyyəti nə qədər çoxşaxəlidir. Müzəffər Ali Baş Komandanın həm döyüşə rəhbərlik etmək, həm informasiya savaşında birinci olmaq, həm də xalqı birləşdirmək istiqamətində gördüyü işlər misilsizdir. Gündə bir neçə xarici informasiya vasitələrində haqq işimizi dünyaya çatdırmaq, bəzən xaricdən gələn jurnalistlərin məkrli və xain suallarına tutarlı, məntiqli cavab vermək və onları susdurmaq nə qədər çətin idi. Amma bu, həmçinin o demək idi ki, Azərbaycan dövləti etibarlı əllərdədir, bu dövlətlə təzyiq, təhdid vasitəsi ilə danışmaq mənasızdır, məntiqsizdir. Müzəffər Ali Baş Komandanın noyabrın 8-də Şuşanın işğaldan azad edildiyi gündə tarixi çıxışında qeyd etdiyi kimi, o, həm də Ulu Öndərin arzusunu yerinə yetirdi. Ümummilli Liderimizin, torpaqlarımızın azad olunmasını görmədən dünyasını dəyişən hər bir azərbaycanlının ruhu bu gün şaddır! Xalqımız Böyük Qələbəni qeyd edir. Artıq bizim üçün 10 noyabr şanlı, mübarək bir tarixdir. Biz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarda yeni işlərə başlayacağıq, o torpaqları abad edəcəyik, dirçəldəcəyik. Xalqımızın daha firavan günləri hələ qabaqdadır. Əminik ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ neçə-neçə qələbələrə nail olacaq. Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!

Keçidlər