135 ildən çox yaşı olan #Tuğ kənd tam orta məktəbi
135 ildən çox yaşı olan Tuğ kənd tam orta məktəbi
Akademik Hüseyn Əhmədovun “XIX əsr Azərbaycan məktəbi” kitabında göstərilir ki, 1883-cü ildə Sadıqbəy və Mehdibəy Məlik-Aslanovlar Tuğ və Qubadlı məktəbinin kasıb şagirdlərinə tədris vəsaiti və maddi vəsaitlə kömək göstərmişlər. Həmin illərdə tuğluların həyatında dönüş yaradan, bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verən, o dövr üçün müasir hesab edilən rus-Avropa tipli Tuğ məktəbi yaradıldı. Tuğ məktəbinin müəllimləri, məzunları bütövlükdə mahalda, maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoydular. Onların bir çoxu təkcə ölkədə, əyalətdə deyil, keçmiş imperiya miqyasında adlı-sanlı şəxslər oldular.
Əsası Mir Mehdi Xəzani tərəfindən qoyulan bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik-Aslanbəyov, Məmməd bəy Məlik-Yeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi dövrün görkəmli ziyalıları müəllimlik etmişlər. Rəsmi sənədlərdə Tuğ kənd orta məktəbinin 1885-ci ildə yaradılması göstərilir. Lakin bir çox mənbələrdə məktəbin 1880-ci illərin əvvəllərində, yəni 1883-cü ildən fəaliyyət göstərməsi məlumdur.
Tuğ kənd orta məktəbinin köhnə binasının girəcəyində daş lövhənin üzərində “1883q” yazısı var idi. Hələ 1983-cü ildə Tuğ kənd orta məktəbinin 100 illik yubileyinin keçirilməsinə böyük hazırlıq işləri görülmüşdü. Hətta məktəbdə bu tarixləri təsdiq edən eksponatların nümayiş etdirildiyi muzey də yaradılmışdı. Tuğ kənd orta məktəbinin 100 illk yubileyinin keçirilməsi üçün çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, təbii ki, Dağlıq Qarabağ və Hadrut rayonunun o zamankı erməni rəhbərləri buna imkan vermədilər. Çünki bu məktəbi ilk yaradanlar və rəhbərlik edənlər azərbaycanlılar olmuşlar. Bu isə ermənilərə xoş gəlmirdi.
Tuğ məktəbinin ilk məzunları içərisində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iki üzvü olmuşdur. Xudat bəy Ağabəy oğlu Məlikaslanov dəmir yol və rabitə naziri, Cavad ilə Rza bəy oğlu Məlikyeqanov — Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru vəzifələrində çalışmışlar. Xudat bəy Məlikaslanov Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biridir. O, 1905-ci ildə erməni qırğınına qarşı fəal mübarizlərdən olan Ağa bəyin oğludur. Xudat bəy ilk təhsilini Şuşa realnı məktəbində almış, sonra isə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Sankt-Peterburq Dəmir Yol İnstitutunda oxumuşdur.
#XudatbəyMəlikaslanov suveren Azərbaycan Respublikasının parlament üzvü, nazir olmuş, 1921-28-ci illərdə Tikinti, Nəqliyyat və Rabitə Komitəsinin sədri işləmiş, dəfələrlə Azərbaycanın ali seçkili orqanlarında rəhbər vəzifələr tutmuşdur. Respublikanın ilk texnika elmlər doktoru — professorlarından biridir. O, 3 monoqrafiyanın və 70-dən çox elmi məqalənin müəllifidir. Xudat bəy ömrünün sonunadək ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Politexnik İnstitutunda inşaat fakültəsinin dekanı olmuşdur. Onun təşəbbüsü ilə Bakı Dəmiryol Texnikumu təsis edilmişdir. Bakıda metropolitenin yaradılması ideyasının ilk müəlliflərindən biri də o olmuşdur.
Cavad bəy Rza bəy oğlu #Məlikyeqanov 1883-cü ildə Tuğ kəndində anadan olmuşdur. İlk təhsilini Tuğ məktəbində aldıqdan sonra Şuşa realnı məktəbində təhsilini davam etdirmişdir. 1903-cü ildə Bakıya gələrək neft mədənlərində işə düzəlmişdir. Həmin ildən başlayaraq Cavad bəy Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və onun yaratdığı “Müsəlman gənclər təşkilatında” fəaliyyət göstərmişdir. Sonralar Cavad bəy, M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Əzizbəyov, M.Mövsümov, M.Hacınski və digər görkəmli şəxslər “Hümmət” sosial-demokrat təşkilatının əsasını qoymuşlar. 1919-cu illərdə Cavad bəy Lənkəran və Muğan qəzasının qubernatoru, Bakı Şəhər Polis İdarəsinin rəisi işləmişdir. AXC dövründə Cavad bəy parlamentin üzvü, Zaqafqaziya Seymində müsəlman fraksiyasının daimi nümayəndəsi olmuşdur. Cavad bəy Məlikyeqanov Azərbaycanda ilk fəhlə həmkarlar təşkilatının yaradıcısı olmuş, cümhuriyyət dövründə sənayedə aparılan islahat işlərinə başçılıq etmişdir.
Zülqədər Cahangirov Azərbaycanın ilk iqtisadçı alimlərindən biri olmuş, 1969-cu ildə respublikanın əməkdar elm xadimi adına layiq görülmüşdür. O, 7 irihəcmli iqtisadiyyat dərsliyinin, bir çox monoqrafiyanın müəllifidir. İbrahim Məşədi Allahverən oğlu Cahangirov da vətənpərvər şəxs olmuşdur. M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Ə.Sabir, M.Əzizbəyov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Ə.Ağdamski, X.Məlikaslanov, C.Məlikyeqanov və digər tanınmış tarixi şəxslər İbrahimi tərəqqipərvər şəxs kimi qəbul etmiş, onun ehtiramını saxlamışlar. 1932-ci ildə İbrahim Cahangirov erməni qatilləri tərəfindən qətlə yetirilib. Xocavənd rayonu Tuğ orta məktəbinin məzunları arasında 18 elmlər doktoru, 21 elmlər namizədi, 40 nəfərə yaxın yüksək rütbəli hərbi mütəxəsisis, 2 nəfər ayrı-ayrı vaxtlarda millət vəkili, 3 nəfər qızıl medal alan, onlarla həkim, müəllim və digər yüksək mütəxəssis vardır. Qarabağ münaqişəsi dövründə məktəbin 8 məzunu şəhid olmuşdur.
Tuğ orta məktəbi özünün ikinci ömrünü 1978-ci ildən yaşamağa başladı. O dövrdə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına xüsusi diqqət yetirdi. Məhz ulu öndərin qərarı ilə 1975-1978-ci illərdə Tuğ kəndində 640 yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edildi. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyası, linqafon, hərbi və maşınşünaslıq kabinetləri, zəngin kitabxana, idman və iclas salonları, yeməkxana var idi. Bina mərkəzi istilik sistemi ilə qızdırılırdı. Qonşu kəndlərdən məktəbdə təhsil almağa gələn şagirdlər üçün internatın olması isə o dövr üçün yenilik idi.
Tuğ kəndində XIX əsrdən etibarən mənfur qonşularımız yaşamağa başlamışlar. Özlərinin çirkin niyyətlərini həyata keçirə-keçirə onlar yavaş-yavaş hər sahədə üstünlüyü ələ almışdılar. Tuğ məktəbində də onlar öz istəklərinə bir müddət nail ola bilmişdilər. 1934-cü ildən 1963-cü ilə kimi ermənilərin idarə etdiyi Tuğ məktəbində yaddaqalan bir hadisə baş verməmiş, təhsilin səviyyəsi isə hər il enməyə başlamışdır. Dönüş 1963-cü ildə başladı. Əhalinin təkidi ilə Tuğ kənd orta məktəbinin yetirməsi Niyaz Cahangirov məktəbə direktor təyin edildi və bu vəzifədə 1991-ci ilə kimi işlədi. O, ətrafına təcrübəli müəllimlərdən Yusif Paşayevi, Bağman Abışovu, Allahverən Cahangirovu, Kamil Şükürovu, Vəli Vəliyevi, Səyyarə Əsgərovanı, Səfayət Bədirxanovanı, Tamella Paşayevanı, Baxçagül Vəliyevanı, Sveta Baxşızadəni, Hüsən Bağırov kimi pedaqoqları yığaraq təhsildə və təlimdə tezliklə böyük irəliləyiş əldə etdi.
N.Cahangirovun rəhbərliyi altında Tuğ orta məktəbinin fəaliyyətində yaranan yüksəliş nəticəsində məktəbin məzunlarının 60-70 faizi ali və orta ixtisas məktəblərinə qəbul olundular.
Pedaqoji kollektivin təcrübəsinin öyrənilməsi üçün keçən əsrin 80-ci illərində Tuğ orta məktəbində Təhsil Nazirliyinin 2 dəfə zona müşavirəsi keçirilmişdir.
1991-ci ildən məcburi köçkün həyatı sürən Tuğ orta məktəbi 1 gün belə olsun fəaliyyətdən qalmamışdır. Bir neçə aylıq Füzuli şəhərinə, sonra isə Beyləqana köçən Tuğ orta məktəbi 1996-cı ilə kimi Bakı şəhərində fəaliyyət göstərmişdir. 1997-ci ildən isə Tuğ orta məktəbi Beyləqan rayonu ərazisində salınmış Yeni Tuğ qəsəbəsində, 2015-ci ildən isə 320 ailəlik Xocavənd qəsəbəsində hər cür maddi texniki bazayla təmin olunmuş yeni məktəb binasında fəaliyyətini davam etdirir.
Tuğ orta məktəbinin müəllimləri gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi üçün bütün qüvvələrini səfərbər etmişlər. Tuğ orta məktəbinin pedaqoji kollektivi hər zaman gələcəyə inamla baxmış, ölkə Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində tezliklə tarixi yurdumuza qayıdacaqlarına, XXI əsrə layiq azərbaycanlılar yetişdirəcəklərinə əminliklərini ifadə edirdilər. Artıq həmin gün gəlib çatıb. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Tuğ kəndini işğaldan azaqd edib. İndi Tuğ kənd tam ortaq məktəbinin kollektivi 135 illik qədim tarixi olan məktəbin yenidən öz tarixi binasında fəaliyyətə başlayacağı günü səbirsizliklə gözləyir.