Qələbənin rəmzi.
Qələbənin rəmzi.19.11.2020
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bu gün hər bir Azərbaycan vətəndaşı inanır ki, zəbt olunmuş ərazilərimiz mənfur təcavüzkarın tapdağından tamamilə təmizlənəcək, məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, doğma Qarabağda həyat davam edəcək.
Məlumdur ki, müharibə heç vaxt itkisiz olmur. Polad iradəli Azərbaycan oğulları Vətən uğrunda canlarını qurban verir, şəhidlik zirvəsinə ucalırlar. Otuz ilə az qalır ki, işğalçı Ermənistan havadarlarının sayəsində tarixi ərazilərimizdə, Qarabağ və onun ətrafındakı digər məkanlarımızda xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb. Biz səbirlə dözmüşük. Çünki dövlətimizi və ordumuzu inkişaf etdirmək əsas məsələlərdən idi. Xalqımızın səbri tükənsə də, dözdü, dayandı, çirkin niyyətlilərin zamanı gələndə layiq olduqları cavabı alacaqlarına olan inamı azalmadı.Hələ 2003-cü ildə Prezident kimi andiçmə mərasimində cənab İlham Əliyev vəd etmişdir ki, ölkəmizdə bir dənə də çadır şəhərciyi qalmayacaq, qalmadı! Ermənistanın təcavüzkarlığı nəticəsində doğma torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması sosial siyasətin prinsiplərindən biri kimi daim diqqət mərkəzində saxlandığı da göz qabağındadır.Ali Baş Komandan ona da əmin idi ki, xalq-dövlət-ordu birliyi işğalda qalan tarixi ərazilərimizi tam azad edəcək və həmin yerlərə yeni növraq gələcək. Bütün bunların isə zamana ehtiyacı var idi. Bu gün bu vədin də gerçəkləşdiyinin xoşbəxt şahidləriyik!
Müstəqil dövlətimizin şanlı zəfər tarixini yazan Ordusu Ermənistanın təcavüzkarlığına layiqli cavab verir! Qələbə sevincləri bir-birinin ardınca yaşanır. Ali Baş Komandan İlham Əliyevdən eşitdiyimiz qələbə xəbərləri ermənilərin və onların havadarlarının canına üşütmə salıb. 2016-cı ilin aprelində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də zəfər salnaməmizin yazıldığı Lələtəpənin düşməndən azad edilməsi ilə təsdiqləmişdik ki, bir qarış torpağımız yağı tapdağında qalmayacaq! Təcavüzkar Ermənistanın istər diplomatiya, istərsə də döyüş meydanlarındakı məğlubiyyəti daha özünü gizlədə bilmir.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin telemüsahibələrində səsləndirdiyi fikirlər dünya ictimaiyyətində birmənalı şəkildə kimin haqlı, kimin haqsız olmasını ortaya qoydu. O da bir daha aydın oldu ki, münaqişənin bu qədər müddətə uzadılmasında kimlərin məqsədi var: Ermənistanın və onları müdafiə edən ATƏT-in Minsk qrupu üzvlərinin!Bəli, aradan keçən 28 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh danışıqları yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi tərəfləri qarşı-qarşıya gətirdi. Ötən müddət ərzində münaqişə tərəflərinin sülhə nə qədər yaxın-uzaq olması dəfələrlə özünü göstərdi. Ermənistanın hər dəfə atəşkəsi, hətta, dövlət sərhədini pozaraq, dinc sakinlərimizi, mülki əhalimizi, ön cəbhədən xeyli uzaq (Tovuz, Gəncə, Mingəçevir şəhərlərini, Abşeron, Siyəzən, Yevlax, Bərdə rayonlarını və s.) yaşayış məntəqələrimizi ağır artilleriyadan, eləcə də ballistik raketlərdən atəşə tutması nəticəsində xeyli itkilər, dağıntılarla üzləşdik. Lakin bütün bunlar xalqımızı nə qorxudur, nə də çəkindirir.Azərbaycan Ordusunun qələbə müjdələri davam edir. Düşmən artıq özünün məğlubiyyətini etiraf etdiyi halda, onun havadarlarının əndişəsi nə xalqımızı, nə də ordumuzu haqq yolundan çəkindirə bilər!