20 Yanvar faciəsindən iyirmi dörd il keçir.
Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 1990-cı il 20 Yanvar faciəsindən iyirmi dörd il keçir. Həmin gün Respublikada haqq - ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqına qarşı totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan qətlə yetirildi və yaralandı. Bununla da Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın tarixi qəhrəmanlıq salnaməsinə yeni, parlaq səhifəni əlavə etdilər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Şəhidlik elə bir zirvədir ki, onu fəth etmək hər kəsə nəsib olmur. Vətən uğrunda canından keçən insana hörmət etmək isə hər bir millətin borcudur. Qanlı faciə ilə əlaqədar Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 30 dekabr 2013-cü il tarixdə Sərəncam imzalanaraq “Tədbirlər Planı” təsdiq edilmişdir.
“Tədbirlər Planı”nda ildönümünün keçirilməsi ilə əlaqədar rayonun idarə müəssisə və təşkilatlarında 20 yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi günü kimi qeyd edilməsi, 20 yanvar hadisələrinin mahiyyətini əks etdirən ədəbi bədii kompozisiyaların, toplantıların, konfrans və müzakirələrin təşkil edilməsi, rayonun tədris müəssisələrində 20 yanvar faciəsinə həsr edilmiş xüsusi dərslərin aparılması, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, matəm musiqisinin səsləndirilməsi öz əksini tapmışdır.
Xalqımızın əldə etdiyi müstəqilliyə görə şəhidlərimizin ruhu qarşısında borclu olduğunu heç zaman unutmayan Xocavənd rayon ictimaiyyəti 20 yanvar günü Yeni Xocavənd qəsəbəsində rayon Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin ətrafına toplaşaraq Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, abidənin önünə gül-çiçək dəstələri qoyaraq onların xatirəsini dərin ehtiramla yad etmişlər.