Azərbaycan “Doing Business”də top-20 islahatçı ölkənin sırasındadır.
Azərbaycan “Doing Business”də top-20 islahatçı ölkənin sırasındadır.
Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan ötən ildə olduğu kimi bu il də 20 ən islahatçı ölkələrin sırasında yer alıb. Bu barədə açıqlama verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib: “Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir. “Doing Business 2020” hesabatında Azərbaycan 190 ölkənin arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə 1-ci, kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-cı, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-ci yerdədir. “Doing Business 2020” hesabatında Azərbaycanın öncül mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin mayından 2019-cu ilin mayına qədər olan dövrdə həyata keçirilən kompleks islahatlarla bağlıdır. İslahatların əsas məqsədi insan amilinə xidmət, one-stop shop modelindən non-stop shop modelinə və reaktiv yanaşmadan proaktiv yanaşmaya keçidin təmin edilməsidir.
Azərbaycanın “Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Belə ki, bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklər ilə uyğunlaşdırmaların aparılması öz töhfəsini verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan sadələşdirmələr nəticəsində daşınar əmlakın bir kateqoriyasının ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə ediləcək əmlakın yüklü edilməsinə, əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümükünlüyünə icazə verilir.