Şriftin ölçüsü :

Saytın rəngi :

"Koronavirusun yayıldığı ilk vaxtlarda Azərbaycan ön tədbirlər alaraq virusla mübarizəyə erkən başlamışdır"

10 yanvar 2021 | 16:00

    İsmayılova Ramidə:  "Koronavirusun yayıldığı ilk vaxtlarda Azərbaycan ön tədbirlər alaraq virusla mübarizəyə erkən başlamışdır"
    Bildiyimiz kimi bütün dünya hal-hazırda koronavirusla mübarizə aparır. 2019-cu ilin noyabr ayında Çində baş qaldıran bu xəstəlik bütün dünyada tüğyan edərək dövlətləri öz təsiri altına saldı. Dünyanı cənginə alan koronavirus bütün dünya üçün böyük bir sınaq idi. İnsan ölümlərinə səbəb olan koronavirus dövlətlərin iqtisadiyyatına, turizm sektoruna da çox ciddi təsir göstərdi.
   2020-ci ilin mart ayından koronavirusla mübarizəyə başlayan Azərbaycan bu sınaqdan şərəflə çıxır. Belə ki, ilk növbədə kütləvi toplaşma məkanları bağlanaraq izoliyasiya tədbirləri həyata keçirildi.
   Xəstəliklə mübarizə aparmaq, ölüm hallarının qarşısını almaq üçün görülən operativ tədbirlər nəticəsində yeni modul tipli xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlərimiz səfərbər olunaraq virusla mübarizəyə cəlb olundular.
   Koronaviruslu xəstələrin müalicəsi işində dövlət əlindən gələn hər bir dəstəyi öz vətəndaşına göstərir. Virusa yoluxmuş xəstələr dövlət tərəfindən təmənnasız olaraq müalicə olunurlar. Bu sahədə dövlətimiz virusla mübarizə aparan, xəstələrə diqqət və qayğı göstərən həkimlərimizi də unutmadı. Belə ki, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı və onlar əməkhaqqılarının 3-5 misli həcmində maaş alırlar. Bu da dövlətin həkimlərə olan diqqət və qayğısının təcəssümüdür.
   Dövlət büdcəsindən koronavirus xəstələrinin sağalmasına, virusla mübarizəyə yardım edən həkimlərin rifahının yaxşılaşdırılmasına, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım məqsədi ilə bir neçə milyard manat dəyərində sosial paket ayrılmışdır. Dövlətin diqqəti və qayğısı daim vətəndaşların üzərində-dir.
   Koronavirusun sürətli şəkildə yayılmasının qarşısını almaq məqsədi ilə profilak-tik tədbirlər görülmüşdür. Virusun daha çox yayıldığı bölgələrdə karantin rejimi tətbiq edilmişdir. Həmin müddətdə işsiz vətəndaşlar dövlətdən 190 manat yardım alaraq koronavirusla mübarizədə dövlətin dəstəyini hiss etmişdir.
   Koronavirusun yayıldığı ilk vaxtlarda Azərbaycan ön tədbirlər alaraq virusla mübarizəyə erkən başlamışdır. Aparılan tədbirlər nəticəsində ölkəmizdə virusa yoluxanların sayında və ölüm hallarında statistika daha aşağıdır. Azərbaycanın koronavirusa qarşı apardığı mübarizə metodlarından hətta bəzi dünya dövlətləri də istifadə etmişdir.
   Dünyanı öz cənginə alan, insan ölümlərinə səbəb olan koronavirusun peyvəndi artıq hazırlanıb. Peyvənd alınacaq dövlətlərlə bütün konrtaktlar imzalanıb və bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək. Ümid edirik ki, insanlar arasında kütləvi qaydada peyvəndləmə işi aparıldıqdan sonra bu xəstəlik tamamilə sovuşacaq. Dünya öz əvvəlki axarına qayıdacaq.

Keçidlər