Bakı şəhər Qaradağ rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
27 mart 2023 | 16:46
Bakı şəhər Qaradağ rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
27 mart 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Qaradağ rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qeyd etdi ki, Azərbaycan Silahlı qüvvələri Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində sözügedən ərazidə olan bir sıra məntəqələr Azərbaycan Ordusunun nəzarəti altına keçib. Həyata keçirilən tədbirlər ermənilərin götürdükləri öhdəliklərə əməl etməməsindən qaynaqlanır. Azərbaycan sərhədlərinə nəzarət etmək iqtidarındadır. Və biz heç zaman imkan vermərik ki, təbii sərvətlərimiz hər hansı yollarla daşınsın. Ermənilər işğal dövründə etdiyi hərəkətləri yeni təkrar edirlər. Onlar havadarlarına arxeyin olaraq belə addım atmaqla regionda yaranan vəziyyəti dəyişmək istəyirlər ancaq bu mümkün deyil. Azərbaycan tərəfi mövcud vəziyyətlə bağlı düşmənə dəfələrlə xəbərdarlıq edib. Ancaq düşmən bu açıqlamalara məhəl qoymur. Belə olan halda Azərbaycan Ordusu öz sözünü dedi: “Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada qeyd olunur ki, Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.Həyata keçirilən əməliyyatlar düşmən tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısının alınmasında mühüm rol oynayacaq. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünə toxunaraq bildirdi ki, bu mühüm addım bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə sevincli günlərdə də, kədərli günlərdə də bir-birinin yanındadır. Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələnin ilk anından Azərbaycan dövləti, xalqı “Qardaş Türkiyənin yanındayıq” söyləyib səfərbər oldu, lazımi dəstəyi, yardımları göstərdi. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında diqqəti Azərbaycan-Türkiyə qardaşlığına, hər iki dost ölkənin bütün məqamlarda biri-birinin yanında olmasına yönəldərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycan-Türkiyə birliyi Türk dünyası, bütün dünya üçün nümunədir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlıq getdikcə güclənir. Zirvə görüşünün sonunda qəbul edilən Ankara Bəyannaməsində də qurumun gələcək fəaliyyəti ilə bağlı müddəalar öz əksini tapıb. Qəbul edilən hər bir sənəd, burada yer alan müddəaların hər biri bir hədəf, çağırışdır. Onların uğurla həyata keçirilməsi birliyi, həmrəyliyi möhkəmləndirməyi, səyləri birləşdirməyi bir tələbə çevirir. Türk dünyası böyük ailədir. Bu ailə hər bir hədəfə yüksək səviyyədə nail olmaq potensialına malikdir. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib. Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.