Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görürdü.

18 yanvar 2021 | 16:00

Ulu Öndər demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görürdü. 
    Biz Şuşa, ümumilikdə Qarabağ haqqında danışarkən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin də bu istiqamətdə göstərdiyi tarixi xidmətlərini də unutmamalıyıq. Məlumdur ki, Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır.
     Sirr deyil ki, 1920-c illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görüb.
     Məhz 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, Dağlıq Qarabağda yeni müəssisələr yaradıldı və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gətirildi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində  Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi. Təbii ki, Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi Molla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib. Onun Şuşada olarkən məqbərə önündə çəkilən məşhur fotosu da tarixi fotolardandır.
    Məhz bu amilə toxunan Prezident deyib: “Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. Eyni zamanda bununla Qarabağın tarixin bütün mərhələlərində azərbaycanlılara məxsus olması haqqında aydın mesaj verilirdi”.
    Prezident çıxışında o məqamda da toxunub ki,  Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb. Həqiqətən də 1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada separatizmin baş qaldırmasına imkan verməzdi.
      Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə  hakimiyyətə gəlməsi ilə  Azərbaycan iflasdan xilas oldu,  milli inkişafın, milli dövlətçiliyin yeni mərhələsi başladı.
Bu gün artıq 30 illik problem həll edilib,  müharibə bitib və qələbənin təmin olunmasında əvəzolunmaz xidmətləri olan qazilərə və şəhidlərin ailələrinə yüksək səviyyədə dövlət qayğısı göstərilir. Həqiqətən də bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunublar.
     Böyük bir plan var ki, şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək. Təbii ki, bu da öz yurd yuvalarına qayıdan məcburi köçkünlərin məskunlaşdığı binaların hesabına təmin ediləcək. Maraq üçün qeyd edim ki, birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər verib. Bundan başqa, şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldıki bu da təqdir ediləsi haldır. Bu gün döyüşlərdə yaralanmış hərbçilərimiz də dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunublar. Yaxın gələcəkdə əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi tam şəkildə öz həllini tapacaq. İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə yeni orden və medallar təsis edilərək Prezident tərəfindən müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçilər təltif edilməsi isə xalq olaraq hər birimizi qürurlandırır!

Keçidlər