Şriftin ölçüsü :

Saytın rəngi :

"Qış gecəsində doğan azadlıq günəşi"

20 yanvar 2021 | 16:00

   Azərbaycan 30 ilə yaxındır ki, müstəqil dövlətdir. Otuz il əvvəl itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad olunub. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Xalqımız 20 Yanvar faciəsinin 31-ci ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.
    İllər keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər sonsuz qürur hissi ilə döyünür.
    İnsanların gülləyə tutulduğu, tankların altında əzildiyi həmin qış gecəsi, əslində, azadlıq günəşi doğurdu. Biz bunu sonradan – dövlət müstəqilliyimiz bərpa edilərkən dərk etdik. Şəhidlər tarixə azadlıq müjdəsi gətirən qaranquşlar kimi düşdü.
    Ötən dövrdə Azərbaycan müqayisəolunmaz dərəcədə dəyişib. Zamanın sürətli axarında dəyişməz qalan yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.

Keçidlər