Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin vaksinasiyası ədalətli şəkildə təşkil olunmalıdır.

04 fevral 2021 | 16:00

    Əhalinin vaksinasiyası ədalətli şəkildə təşkil olunmalıdır.
    Vaksinasiyada mütləq olaraq ədalət prinsipi qorunmalıdır. Vaksinasiya Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu. Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Odur ki, bütün məsələlərdə olduğu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır.
    Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar.
    Kanada vaksin defisiti yaradır. Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, Azərbaycanın haqq işinə kölgə salmaq istəyirdi və hətta "Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, əhalisinin sayından dörd dəfə çox.
   120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?. Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr, real ehtiyaclarının 4-5 mislini təmin edirlər.
    Bu müstəmləkəçiliyin yeni təzahürüdür. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin?.
     Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi buna səssiz qalmayacaq. Azərbaycan bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edir ki, onlar da səsimizə qoşulsunlar və bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr neqativ praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat, Qoşulmama Hərəkatının lideri kimi, öz sözünü deyəcək.

Keçidlər