Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit.

05 fevral 2021 | 16:00

   Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit.
   Son 17 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, ölkədə geniş sosial infrastruktur yaradılmış, əhalinin sayı artmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. Maliyyə imkanlarının artması Azərbaycanı yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmləndirmişdir.
  İqtisadi gücü Azərbaycanın hərbi qüdrətini də artırmışdır. Bu, torpaqlarımızın işğaldan azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici amillərdən olmuşdur. Əldə edilmiş qələbə indi yeni, sistemli və davamlı islahatlara yol açır. Koronavirus pandemiyası ilə aparılan səmərəli mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir.
   Həyata keçirilən sosial-iqtisadi quruculuq uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaratmışdır. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021/2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı öz sərəncamı ilə bu prioritetləri təsdiq etmişdir. Sərəncamda bildirilir ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.
Bu məqsədlə növbəti onillikdə beş milli prioritet reallaşdırılmalıdır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən həmin prioritetlərin birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaqdır. İkinci hədəf dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması prioritetlərin üçüncü sırasında dayanır. Dördüncü taleyüklü məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Nəhayət, beşinci prioritet Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi də şöhrətlənməsidir.
  Prioritetlərə əsasən, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Çünki məhz belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün vacibdir, o, eləcə də daxili və xarici təsirlərə dayanıqlığı təmin edir. İqtisadi artım həmçinin vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyat davamlı və yüksək templərlə artdıqda ölkədə adambaşına düşən milli gəlir yüksəlir. Yəni iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edir.
   Odur ki, prioritetlər iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı dövrdə neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. Çünki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. İqtisadi artım, eləcə də qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir.
Prioritetlərdə makroiqtisadi sabitlik nəzərdə tutulur ki, bunun da əsas meyarı qiymətlərin aşağı və stabil olmasının təmin edilməsidir. Makroiqtisadi sabitliyin digər mühüm meyarı olan dayanıqlı maliyyə sabitliyi maliyyə bazarlarının daim səmərəli fəaliyyət göstərməsini, maliyyə dərinliyinin artmasını və maliyyəyə çıxışın genişlənməsini şərtləndirməlidir.
   Qeyd edək ki, Milli Prioritetlər, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
   Azərbaycan dövlətinin siyasətinin mərkəzində daim vətəndaşın maraqları dayanır. Bu, prioritetlərdə də özünü aydın göstərir. Qeyd olunur ki, iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, onların iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Çünki yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. Prioritetlər də məhz iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsini, əməkhaqqının artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmasını nəzərdə tutur. Bu baxımdan paytaxtın və regionların inkişafının tarazlı şəkildə aparılması böyük əhəmiyyət daşıyır. Odur ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət edilməlidir. Rayonlar Bakı ilə müqayisə edilə biləcək yaşayış standartlarına malik olmalıdır. Ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsi təmin edilməlidir.

Keçidlər