Şəhid doğum günündə yad edildi.
27 aprel 2021-ci il tarixində, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Şəhidin orta məktəb illərində müəllimi olmuş T. Balakişiyeva çıxış edərək onun uşaqlıq və məktəb illərindən danışmış, Şəhidin döyüş yoldaşları və qazilər çıxış edərək onunla bağlı xatirələrini bölüşmüş, bir döyüşçü kimi qəhrəmanlıqlarından söz açmışlar. Sonda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və Qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi .E.Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Fərəcov Zülfüqar Müseyib oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir. Başçı Zülfüqar kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
Şəhid Zülfüqar Fərəcovun yaxınları və ailə üzvüləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonda rayon məktəblilərinin hazırladıqları bədii kompazisiya nümayiş olunmuşdur.
Xatırladaq ki, Fərəcov Zülfüqar Müseyib oğlu 28 sentyabr 2020-ci il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.