Silahlı Qüvvələr Günü münasibəti ilə N saylı hərbi hissədə tədbir keçirilmişdir.
Silahlı Qüvvələr Günü münasibəti ilə N saylı hərbi hissədə tədbir keçirilmişdir. Tədbirdə icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, qazilər, müharibə veteranları iştirak ediblər. Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlardan, o cümlədən 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.
Sonda bir qrup hərbçiyə qiymətli hədiyyələr və Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı verilmişdir.