Bu gün Şəhid Balakişiyev Qaranın qızı birinci sinifə başladı.
Bu gün Şəhid Balakişiyev Qaranın qızı birinci sinifə başladı. Atasının təhsil aldığı məktəbdə, eyni sinifdə və eyni partada.
Balakişiyev Qara Vətən müharibəsinin ilk günü şəhadətə ucalmış, əbədiyyətə qovuşmuşdu. İllərdir "hücum" əmrinin atəşi ilə coşan ruhu, həmin gün parlamışdı və düşmənin ilk səngərlərinin yarılıb keçilməsində qəhrəmanlıq göstərmişdi. Müharibə gedə-gedə ailəsi ilə danışmışdı və son sözləri belə olmuşdu: "Mən gedirəm Qarabağ. Siz də gəlin!"
O, bu sözləri ilə sanki bizi gələcək günlərdə qucaqlayacaq, sıxıb bağrına basaq qələbə xəbərlərinin carçısı olmuşdu. Öz nəfəsi, canı ilə qələbəni çəkib lap yaxın eləmişdi və hamımızdan öncə xoş xəbərlərin sevincini damışdı. İşğal olunmuş rayonlarımıza, kəndlərimizə hamıdan öncə çatmışdı, arzu oduna su çiləmişdi, ruhu rahatlıq tapmışdı və oradan adamları səsləmişdi: Mən Qarabağdayam. Siz də gəlin!
Şəhid Balakişiyev Qaranın qızı Xədicə ilk dərs günü qüssəli görünürdü. Həyatın ata böyüklüyündə bir yoxluğu ilə yanaşı dayanmışdı, qarşısında dəfərləri, kitabları, çiynində çantası...
O, təhsil illərindən hər şeydən çox öz atasını tanıyacaq, tarixin bir parçası, müstəqilliyin təminatı, qələbənin bünövrəsi kimi. Balakişiyev Qara öz ölümü ilə xalqımızın qolunda qüvvə, dizində təpərə çevrilmişdi.
Böyük yazıçılardan biri deyir ki, "Vətən həm də adamlardır". Xədicə nə zaman atasını düşünsə, onun şəhid ruhu uzaqdan öz qızını səsləyəcək: Mən Qarabağam. Gəl, qızım".