Şəhidlər məzarlığında 27 sentyabr Anım Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
Şəhidlər məzarlığında 27 sentyabr Anım Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ölkəmizin azadlığı, suverenliyi və müdafiəsi uğrunda canını qurban vermiş vətən övladlarının məzarları önünə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Məmmədov birinci və ikinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün vətən övladlarına Uca tanrıdan rəhmət dilədi və onların ailə üzvlərinə səbr dilədi. E.Məmmədov bildirmişdir ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkzrlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu. Deputat qeyd etdi ki, Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı. Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Şəhidlik zirvəsinin ali məqam olduğunu diqqətə çatdıran Eyvaz Hüseynov, bütün şəhid ailələrinə səslənərək başlarını daim dik tutmalarını xahiş etmiş və bütün cəmiyyətimizin şəhidlərimizə borclu olduğunu qeyd etmişdir. Daha sonra tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranları, qazilər ziyalılar qeyd etdilər ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Natiqlər savaş meydanında əldə edilmiş tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözlədiyini əminliklə qeyd etmişlər. Həmçinin tədbirdə çıxış edən şəhid ailəsi üzvləri Şəhidliyin Vətənə məhəbbətin, dövlətə millətə sədaqətin zirvəsi olduğunu qeyd etmişlər. Şəhidlik adı ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Şəhid ailələri onlara göstərilən dövlət qayğısından öz razılıqlarını ifadə etmişlər. Sonda 27 sentyabr Anım günü ilə bağlı məktəblilərin hazırladıqları şeirlərdən ibarət kompozisiya və şəhid övladlarının atalarına həsr etdikləri şeirlər nümayiş olunmuşdur.