13 sentyabr 2024-cü il tarixdə Xocavənd rayon 500 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
13 sentyabr 2024 | 17:17
13 sentyabr 2024-cü il tarixdə Xocavənd rayon 500 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, bu günümüzün reallıqları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Tarixi zəfərlərimizdən sonra digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də uğurlarımız davamlılığı ilə diqqətdədir. Bu amil ayrı-ayrı dövlətlərlə, həmçinin beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında özünü daha aydın nümayiş etdirir. Cənab İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər, “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında səsləndirdiyi fikirlər, etdiyi çağırışlar ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda tarixi zəfərlərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası məsələlərinə xüsusi diqqət göstərib. Bu reallıq diqqətə çatdırılıb ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etdi. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır. İşğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi. Çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər.
Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.