Şriftin ölçüsü :

Saytın rəngi :

Kərküklü qonaqlar xocavəndli məcburi köçkünlərlə görüşmüşlər

11 iyun 2012 | 15:00

Kərküklü qonaqlar xocavəndli məcburi köçkünlərlə görüşmüşlər 11 iyun 2012-ci il tarixdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-İraq mədəni əlaqələrinin dünəni, bu günü və gələcəyi” mövzusunda bir həftəlik silsilə tədbirlər çərçivəsində respublikamızda səfərdə olan İraq türkmanlarından ibarət nümayəndə heyəti xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsinə olmuşdular. Qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, məcburi köçkünlərin həyat şəraiti barədə məlumat vermişdir.Milli Məclisin deputatı, Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində kərküklü ictimai və sənət xadimlərinin Qarabağa gəlişini əlamətdar hadisə adlandırmışdır. Q.Paşayeva Azərbaycan həqiqətlərini və iraqlı soydaşlarımızın səsini dünyaya daha geniş çatdırmaq üçün Qarabağ (Azərbaycan)-Kərkük (İraq) – dayanışma platformu yaratmaq qərarına gəldiklərini bildirmiş, yeni təsisatın əsas qayəsinin “Dildə, fikirdə, işdə birlik” olduğunu qeyd etmişdir. Şair Fövzi Əkrəm Tərzioğlu, Şəmsəddin Kuzəçi, Mustafa Ziya, Türkməneli İşbirliyi və Kültür Vəqfinin başqanı Fatih Türcan tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişlər. Görüşün sonunda qonaqlara “Qarabağ: real faktlar, həqiqətlər, sənədlər” kitabı, Qaradağlı soyqırımı ilə bağlı yazılı və elektron vəsaitlər təqdim edilmişdir.Xocavənd qəsəbəsində Milli Qurtuluş Günü münasibətilə keçirilən mərasimdə iştirak edən Kərkükdən olan musiqiçilər geniş konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər