“Qarabağa doğru” devizi altında tədbir keçirilmişdir
2014-cü il fevralın 17-də Qaradağlı faciəsinin və fevralın 26-da Xocalı soyqırımının törədilməsinin 22-ci ildönümü ilə əlaqədar olaraq fevralın 21-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının(AVCIYA) və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının təşkilatçılığı və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qarabağa doğru" yürüş aksiyası keçirilib. Xocavənd rayonunun Nərgiztəpə adlanan hissəsində keçirilən yürüş aksiyasında AVCİYA-ya daxil olan digər QHT-lər də iştirak ediblər. Yürüş iştirakçıları Xocavənd əhalisinin iştirakı ilə rayonun Nərgiztəpə adlanan hissəsində geniş tərkibli anım mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş və Abidə kompleksinin üzərinə qərənfillər qoymuşlar. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının I vitse-prezidenti Vəli Əlibəyov, KarabakhİNFO.com beynəlxalq elektron jurnalın baş redaktoru Zaur Qəriboğlu, İnsan Hüquqları XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı və coğrafiya elmlər doktoru, professor Çingiz İsmayılov bir daha bəyan etmişlər ki, Qaradağlı və Xocalı faciələri əslində Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsidir. Azərbaycanın gələcəyi olan gənclər bu tarixi unutmamalı, Vətənin bütövlüyü uğrunda şəhid olmuş övladları hər zaman qürur hissi ilə yad etməlidir. Beynəlxalq cəmiyyət isə Azərbaycana qarşı ikili standartlara, ayri-seçkliyə yol verməməli, Azərbaycanın haqq səsini eşitməlidir.