Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
29 oktyabr 2021-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Başçı qeyd etmişdir ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Abdullayev Tural Bəylər oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətradflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən bədii qiraətçi aktyor Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramov bildirmişdir ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edilmişdir. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır. Natiq qeyd etmişdir ki, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Çıxışını vətən mövzusunda səsləndirdiyi şeirlərlə bitirən Azərbaycan Respublikasının Əməkdar artist A. Bayramov bir daha torpaqlarımızın azad olunması yolunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləmiş, ruhları qarşısında baş əydiyini bildirmişdir. Anım mərasimdə Şəhid Abdullayev Tural Bəylər oğlunun Salakətin kənd tam orta məktəbində təhsil aldığı illərdə müəllimi olmuş Gültəkin Ağayeva çıxış edərək Turalı çox vətənpərvər istiqanlı, mehriban şagird kimi xatırladığını bildirmişdir. Bir vaxtlar dərs dediyi şagirdini bu gün Şəhid kimi xarakterizə etməkdə çətinlik çəkdiyini bildirən Gültəkin Ağayeva 44 günlük Vətən müharibəsində Turalla yanaşı Salakətin kənd tam orta məktəbinin məzunu olmuş daha 4 şagirdlərinin şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir.
Şəhid Tural Abdullayevin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon ictimaiyyətinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda Salakətin kənd tam orta məktəbi şagirdlərinin və Kuropatkin kənd uşaq bağçasının körpə fidanlarının şəhidlər haqqında söylədikləri şeir parçaları dinlənilmişdir.
Xocavənd rayonu Tuğ kənd sakini, gizir Abdullayev Tural Bəylər oğlu 24 oktyabr 2020-ci il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin!!!