Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.

09 noyabr 2021 | 16:00

     Zəfər Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
     8 noyabr Zəfər Günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər Memorial Abidə Kompleksində ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edirdi.
    Tədbir yürüş və Şəhidlərin məzarlarının ziyarət edilməsi ilə başlandı. Tədbir iştirakçıları ilk öncə ölkəmizin azadlığı, suverenliyi və müdafiəsi uğrunda canını qurban vermiş vətən övladlarının məzarları önünə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Şəhidlik zirvəsinin ali məqam olduğunu diqqətə çatdıran Eyvaz Hüseynov, bütün şəhid ailələrinə səslənərək başlarını daim dik tutmalarını xahiş etmiş və bütün cəmiyyətimizin şəhidlərimizə borclu olduğunu qeyd etmişdir. Başçı bildirib ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
    Daha sonra tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranı Səfərov Vüqar bildirdi ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
      Həmçinin tədbirdə çıxış edən şəhid ailəsi üzvləri Şəhidliyin Vətənə məhəbbətin, dövlətə millətə sədaqətin zirvəsi olduğunu qeyd etmişlər.  Şəhidlik adı ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Şəhid ailələri onlara göstərilən dövlət qayğısından öz razılıqlarını ifadə etmişlər.
    Tədbirdə Zəfər Günü ilə  bağlı məktəblilərin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş olunmuşdur.

Keçidlər