Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
15 noyabr 2021-ci il tarixdə Xocavənd qəsəbəsində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığına, maddi, mənəvi vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa çağırmaqdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Bəxtiyar Hümbətov çıxış edərək bildirdi ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Əgər bir pis vərdiş insanın məhvinə yönəlirsə, demək, o, insanlığa qarşı törədilmiş cinayətkardır. Gəncləri bu vərdişlərdən yayındırmaq üçün maarifləndirici tədbirlərə ehtiyac var. Onun sözlərinə görə, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Əfsanə Quliyeva narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətindən, həyata keçirilən tədbirlərdən geniş söhbət açdı. Həmçinin bildirdi ki, bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir.
Tədbirdə digər çıxış edənlər narkomaniyanının doğurduğu fəsadlar, insan orqanizminə zərəri və ona qarşı aparılan mübarizədən danışaraq hər kəsi bəşəriyyətin bu təhlükəli bəlasına qarşı birgə mübarizəyə səslədilər.
Tədbir gənclərlə qarşılıqlı müzakirə şəklində davam etmişdir.