“Gender-əsaslı zorakılığa qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
03.12.2021-ci il tarixdə Rayon Mədəniyyət Evində keçirilən Gender-əsaslı zorakılığa qarşı mübarizə” mövzusunda Xocvənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmləkət İbrahimova çıxışı zamanı bildirmişdir ki, dünyada 10 dekabr, insan haqları günü kimi təqvimə düşüb. Məhz qadın haqları da insan hüquqlarının bir parçasıdır. Dünyada qadınların yaşadığı mühit və şərtlər inkişaf etməkdədir, bəzi sahələrdə yaxşılaşma, bəzi sahələrdə isə vəziyyətin əksinə, pisə doğru getdiyini müşahidə etmək mümkündür. Bildiyiniz kimi, qadın haqlarının insan haqlarının bir parçası olması 1995-ci ildə keçirilmiş Qadın məsələləri üzrə Pekin Konfransında xüsusilə vurğulanmış və ondan sonrakı dövrdə də qəbul edilmiş bir sıra beynəlxalq çərçivələrdə əksini tapmışdır. Sirr deyil ki, gender bərabərliyi və qadınların hüquq və imkanlarının artırılması bütün dünyada dayanıqlı inkişafa nail olunmasının ilkin və ümdə şərtlərindəndir. Əfsuslar olsun ki, zorakılıq nəinki əvvəlki dövrlərdə, yaşadığımız müasir dövrdə də geniş rast gəlinən fenomendir. İnkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün ölkələrində gender-əsaslı zorakılığın (GƏZ) bu və ya digər növünün təzahürlərinə rast gəlmək mümkündür. Sevindirici hal ondan ibarətdir ki, zorakılıq fenomeni ilə bütün dünyada müxtəlif səviyyələrdə mübarizə aparan çoxsaylı təsisat və mexanizmlər mövcuddur ki bu da nəinki ilin hansısa bir dövrünü əhatə edir, hətta fasiləsiz olaraq həyata keçirilir və davam edir. Gender əsaslı ayrı-seçkiliklə mübarizə məktəb və hətta məktəbəqədər hazırlıq dövründən etibarən başlamalı və tədris-tərbiyə müəssisələrində davamlı şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, geniş əhali qrupları arasında təbliğat məqsədilə kütləvi informasiya vasitələri ilə işin qurulması da böyük önəm daşıyır. Öz hüquqlarınızı bilin! Bu, sizin zorakılıq halları ilə mübarizədə əsas silahınız olacaqdır!”