Xocavənd rayonunda əhalinin tibbi müayinəsi davam edir.
2014-cü il fevralın 17-dən başlanmış tibbi müayinə Xocavənd rayonunda da uğurla davam etdirilir. 01 aprel tarixinə rayon əhalisinin 7918 nəfər tibbi müayinədən keçmişdir. Respublikanın 36 şəhər və rayonunda məskunlaşmış rayon sakinlərinin 14 yaşayış məntəqəsində: Beyləqan, Sumqayıt, Saatlı, Şirvan, Ağdam, Xaçmaz, Yevlax, Biləsuvar, Tərtər, Zərdab, Kürdəmir, Oğuz, Şəmkir rayonlarında tibbi müayinəsi başa çatmışdır. Bakı şəhərinin rayonlarında, həmçinin İsmayıllı, Xızı, Ağcabədi, Neftçala, Füzuli, Şəki, Abşeron, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə və İmişlidə məskunlaşan rayon sakinlərinin tibbi müayinəsi isə davam edir. Tibbi müayinənin gedişi 03 aprel 2014-cü il tarixdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında müzakirə edilmişdir. Şura iclasını açıq elan edən Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov qeyd etmişdir ki, bu gün Azərbaycan dövlətinin ölkənin bir sıra sahələrində həyata keçirdiyi siyasət əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. Dövlətin sosial yönümlü siyasətinə uyğun olaraq ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Son illər dövlətin əhalinin sağlamlığı ilə bağlı yeritdiyi siyasət ictimai maraqların müdafiəsini özündə ehtiva edir. Çünki sağlam dövlətin təməlində dayanan faktorlardan biri də sağlam insandır. Əhalinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər sağlam nəslin yetişməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarından, onun ölkə səhiyyəsində islahatlar aparılmasının zəruriliyi barədə göstərişlərindən, müəyyənləşdirdiyi prioritetlərdən çıxış edərək, bu gün respublikanın səhiyyə sistemində yenilənmə gedir.
İclasda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva və Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova tibbi müayinənin gedişi barədə geniş məlumat verdilər.