Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir.
09 fevral 2022-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Natiq qeyd etmişdir ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Abdullayev Tural Bəylər oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı Tural Abdullayev kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə Şəhidin müəllimi Telli Alıyeva onunla bağlı təəssüratlarını bölüşüb, Turalın adını daşıyan sinfin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xocavənd rayon Tuğ kənd sakini, gizir Abdullayev Tural Bəylər oğlu 24 oktyabr 2020-ci il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” , “ Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.