Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının onuncu ildönümü münasibətilə tədbir keçirilmişdir

13 fevral 2022 | 16:00

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının onuncu ildönümü münasibətilə tədbir keçirilmişdir
    Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının onuncu ili tamam olur.
  Əlamətdar gün münasibətilə Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq -mühafizə orqanları rəhbərlərinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin  əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi giriş sözü ilə açan icra başçısı Eyvaz Hüseynov öncə SHXÇDX-nin Xocavənd rayon bölməsinin  bütün əməkdaşlarını xidmətin yaranmasının onuncu ildönümü münasibəti ilə təbrik edib və hər bir əməkdaşa xidməti fəaliyyətində uğurlar arzulayıb.
   Eyvaz Hüseynov  qeyd edib ki, SHXÇDX-i yaradıldığı gündən  gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir. Başçı həmçinin bildirdi ki, 44 günlük Vətən müharibəsi hərbi çağırışın nə dərəcədə əhəmiyyətli məsələ olduğunu göstərdi. Eyvaz Hüseynov müharibə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin Rayon  İcra Hakimiyyəti ilə sıx və faydalı əməkdaşlıq etdiyini xatırlatdı.
   Sonra SHXÇDX-nin Xocavənd rayon bölməsinin rəisi, mayor Bəxtiyar Hümbətov xidmətin yaranmasının 10 illiyinə həsr edilmiş məruzə ilə çıxış etdi. Bildirdi ki, uzun illər Müdafiə Nazirliyinin tabeliyində hərbi komissarlıq kimi fəaliyyət göstərən bu qurum ölkənin ordu quruculuğunda, gənclərin orduya hazırlanması və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayıb. Son illər cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün sahələrdə aparılan islahatlar, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun  qurulması istiqamətində mühüm addımlar atılmış, qərarlar qəbul edilib. Məhz, cənab Prezidentin 10 il öncə imzaladığı, 13 fevral 2012-ci il tarixli fərmanla respublika hərbi komissarlığı, şəhər və rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılıb. Müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Bəxtiyar Hümbətov qeyd edib ki, orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin yüksəldilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində təhsil şöbəsi ilə işimizi birgə qurur, hərbiçilərlə gənclərin görüşlərinin keçirilməsini təmin edirik.
Tədbirdə digər çıxış edənlər də Xidmətin əməkdaşlarını təbrik edib.
   Sonra Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, müavinlər və hüquq mühafizə orqanlarının rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradılmasının onuncu ildönümü münasibətilə fəxri fərmanlarla təltif olundular. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin bir qrup əməkdaşına Xocavənd Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.

Keçidlər