Şəhid Mirzəyev Elmin Əvəz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir.
20 fevral 2022-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Mirzəyev Elmin Əvəz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Natiq qeyd etmişdir ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Mirzəyev Elmin Əvəz oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı Elmin Mirzəyev kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Bəxtiyar Hümbətov çıxış edərək Şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini qeyd etmişdir.
Şəhid Elmin Mirzəyevin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Şəhid Mirzəyev Elmin Əvəz oğlu 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində aktiv iştirak etmiş,son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə” “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.