14 noyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
14 noyabr 2024 | 09:15
14 noyabr 2024-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov vurğulayıb ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə çəkməklə yanaşı, həm də həmin problemlərdən xilas yolunu göstərir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, onlardan qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu sahədə konkret qərarların qəbuludur. Yəni, Azərbaycanda keçirilən COP29 dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaldığını dərk etdi. Tədbirdə 196 ölkədən on minlərlə nümayəndənin iştirakı dünyanın Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük maraq göstərdiyini təsdiqləyir: “Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin iştirakı ondan xəbər verir ki, bu günlərdə bütün dünya Bakıya toplaşıb və planetin gələcəyi Azərbaycanda həll edilir. Bütün bunlarla yanaşı bizlərdə dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında fəal iştirak etməli, eyni zamanda, Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməlin Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracağını, ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi yerini daha da möhkəmləndirəcək. COP29 nəticələri ilə hələ uzun illər dünyanın diqqətində olacaq. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.