08 may 2014-cü il tarixdə Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 22-ci ildönümünə həsr olunmuş “Şuşa şəhəri məktəblilərin gözü ilə” başlığı altında dəyirmi masa keçirilmişdir.
08 may 2014-cü il tarixdə Xocavənd rayonu Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət Evində Azərbaycanın gözəl diyarı olan Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 22-ci ildönümünə həsr olunmuş “Şuşa şəhəri məktəblilərin gözü ilə” başlığı altında dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlamışdır. Sonra iştirakçılara Şuşa şəhərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən Salakətin, Xocavənd 4 saylı və Tuğ kənd tam orta məktəbin şagirdləri əsrarəngsiz gözəlliyi, özünəməxsus iqlimi, buz bulaqları ilə seçilən Şuşa şəhəri haqqında ətraflı məlumat vermişlər. Məktəblilər həmçinin bəşəriyyətə dahi şəxsiyyətlər bəxş etmiş qədim Şuşa şəhərinin şərqin mədəniyyət mərkəzi, konservatoriyası olmaqla yanaşı, həm də muzeylər şəhəri olduğunu diqqətə çatdırmışlar. Həmçinin şagirdlər işğal zamanı və ondan sonra keçən 22 il zaman kəsiyində Şuşadakı mədəniyyət abidələrinin amansızcasına talan olunduğunu, burada yerləşən tarix və memarlıq nümunələrinin qarət edilərək Ermənistana aparıldığını təəssüf hissi ilə qeyd etmişlər.