15 may Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərləri və müasir cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib
15 may 2026 | 18:05
15 may Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərləri və müasir cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib.
15 may 2026-cı il tarixdə Beyləqan rayonu inzibati ərazisi, 500 ailəlik Xocavənd qəsəbəsində yerləşən rayon Mədəniyyət evində 15 may Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərləri və müasir cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əfsanə Quliyevaya bildirib ki, bu gün burada çox mühüm və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan bir mövu ilə bağlı toplaşmışıq. Hər il 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu gün ailənin cəmiyyətin əsas sütunu olduğunu bir daha xatırladır və ailə münasibətlərinin qorunmasının vacibliyini ön plana çıxarır. Ə.Quliyeva həmçinin qeyd edib ki, müasir dövrdə texnologiyanın inkişafı, qloballaşma və həyat tərzinin dəyişməsi ailə münasibətlərinə də təsirsiz ötüşmür. Buna baxmayaraq, ailə dəyərləri hər zaman insan həyatında mühüm yer tutur. Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, ailə insan həyatının başlanğıcıdır. İnsan dünyaya göz açdığı andan ilk sevgini, ilk qayğını, ilk tərbiyəni ailədə görür. Uşağın xarakterinin formalaşması, onun həyata baxışı, insanlara münasibəti və mənəvi keyfiyyətləri məhz ailədə qoyulan təməl üzərində qurulur. Buna görə də ailə cəmiyyətin kiçik modeli və dövlətin əsas dayağı hesab olunur. Ulu öndər Heydər Əliyev demişdir: “Ailə cəmiyyətin təməlidir.” Bu fikir ailənin nə qədər mühüm sosial institut olduğunu açıq şəkildə göstərir. Çünki güclü ailələr olmadan güclü cəmiyyət qurmaq mümkün deyil. Ailədə hökm sürən sevgi, hörmət, qarşılıqlı anlaşma və məsuliyyət hissi bütövlükdə cəmiyyətin sağlam inkişafına təsir edir. Bildirilib ki, Azərbaycan xalqı tarix boyu ailə dəyərlərinə böyük önəm vermişdir. Bizim milli-mənəvi dəyərlərimizdə valideynə hörmət, böyüyə ehtiram, kiçiyə qayğı, qohumluq münasibətlərinin qorunması xüsusi yer tutur. Bu dəyərlər nəsildən-nəslə ötürülərək xalqımızın mənəvi sərvətinə çevrilmişdir. Azərbaycan ailəsi həmişə sədaqət, birlik və mənəvi bağlılıq nümunəsi olmuşdur.Lakin müasir dövrdə həyat tərzinin sürətlə dəyişməsi ailə münasibətlərinə də müəyyən təsirlər göstərir. Texnologiyanın inkişafı, internet və sosial şəbəkələrin həyatımızda geniş yer tutması insanlar arasında ünsiyyət formasını dəyişmişdir. Hər bir insan ailəsinə sevgi, diqqət və hörmət göstərməli, milli-mənəvi dəyərlərimizi yaşatmalıdır. Unutmayaq ki, xoşbəxt ailə xoşbəxt cəmiyyət deməkdir.






