“18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” münasibətilə tədbir keçirilib
16 oktyabr 2026 | 16:58
“18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” münasibətilə tədbir keçirilib.
16 oktyabr 2026-cı il tarixdə "Memarlıq və Şəhərsalma İli" çərçivəsində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Azər Süleymanov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsindən, milli dövlətçilik ənənələrinin qorunub saxlanılmasından ətraflı bəhs edib. Azər Süleymanov çıxışında qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm hadisə olmaqla, Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafının hüquqi əsasını təşkil edib. O vurğulayıb ki, dövlət müstəqilliyinin bərpası xalqımızın azadlıq iradəsinin, milli birliyinin və öz müqəddəratını təyin etmək əzminin parlaq təzahürüdür. Çıxış zamanı bildirilib ki, müstəqilliyin əldə olunması ilə yanaşı, onun qorunub saxlanılması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi də böyük məsuliyyət tələb edir. Azərbaycanın müstəqillik tarixində qarşılaşdığı çətinliklər, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar və ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutması xüsusi qeyd olunub. Azər Süleymanov, həmçinin, müstəqilliyimizin milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlara Azərbaycanın zəngin tarixi və dövlətçilik ənənələri barədə ətraflı məlumat verilməsi mühüm əhəmiyyət daşıyır. Hər bir vətəndaşın üzərinə düşən əsas vəzifələrdən biri dövlət müstəqilliyinə hörmətlə yanaşmaq, milli dəyərlərimizi qorumaq və ölkəmizin inkişafına öz töhfəsini verməkdir. Sonda vurğulanıb ki, 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın azadlıq mübarizəsinin, milli iradəsinin və müstəqil dövlətçilik arzusunun rəmzi kimi daim ehtiramla yad edilir.






