“Uşaqların hüquqlarını qoruyaq” başlığı ilə tədbir keçirilmişdir.
11 noyabr 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında rayon məktəblilərinin iştirakı ilə “Uşaqların hüquqlarını qoruyaq” başlığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə açan başçının müavini-İctimiai siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Əfsanə Quliyeva ilk öncə iştirakçıları salamladı və şşaq hüquqları ilə bağlı ətraflı məlumat verdi. Natiq hazırda Azərbaycan Hökumətinin uşaq hüquqlarının təşviqi ilə əlaqədar olaraq həm BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən verilmiş tövsiyələrin yerinə yetirilməsi, həm də BMT Baş Assambleyasının uşaqlara həsr olunmuş 27-ci xüsusi sessiyasının yekun sənədi olan “Uşaqlara yararlı dünya” Bəyannaməsinin və Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində iş apardığını və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırdı. Əfsanə Quliyeva çıxışı zamanı ölkəmizin uşaqlarla bağlı təhsil, səhiyyə və digər sosial məsələlər sahəsində (əlil uşaqlar, küçə uşaqları, uşaqlara qarşı zorakılığın, erkən evliliyin aradan qaldırılması, uşaq ölümü, məktəbəqədər təhsil və s.) YUNİSEF ilə yaxından əməkdşalıq etdiyini bildirdi. Həmçinin tədbirdə çıxış edən məktəb şagirdləri orta məktəblərdə uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin mütəmadi qaydada keçirilməsinin vacibliyini vurğuladılar. Sonda iştirakçılara Uşaq hüquqları ilə bağlı film nümayiş etdirildi.