Növbəti səyyar qəbul 320 ailəlik Xocavənd qəsəbəsində keçirilib.
19 yanvar 2023 | 12:31
Növbəti səyyar qəbul 320 ailəlik Xocavənd qəsəbəsində keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun yerlərdə səyyar qəbulları davam edir. Yanvarın 19-da 320 ailəlik Xocavənd qəsəbəsində keçirilən növbəti səyyar qəbulda hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə icra nümayəndəliklərin əməkdaşları iştirak ediblər. Səyyar görüşdə çıxış edən icra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Başçı bildirib ki, artıq tarixə çevrilən 2022-ci il Azərbaycan üçün uğurlu oldu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində respublikamızın 2022-ci ildə ayrı-ayrı sahələrdə qazandığı uğurları xüsusi vurğuladı. İlk növbədə, Vətən Müharibəsinin başa çatmasından ötən iki il Azərbaycanın gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Ötən il Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində və Ermənistanla şərti sərhədlər boyunca bir neçə hərbi əməliyyat həyata keçirilib. Bu əməliyyatlar zamanı Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması bir daha öz təsdiqini tapdı. Düşmən və onun havadarları gördü ki, Azərbaycanın “Dəmir yumruq”u yerindədir. “Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir. 2022-ci ilin ən mühüm hadisələrindən biri Laçına tarixi qayıdışımız oldu. Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biridir. Başçı ölkə başçısı İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəyə də diqqət çəkib, burada toxunulan vacib məqamlardan danışıb. Azərbaycanın keçən illərdə qazandığı uğurlardan, işğaldan azad edilmiş torpaqlarımızda gedən quruculuq işlərindən söz açan Eyvaz Hüseynov bildirib ki, 30 il ərzində tamamilə xarabalığa çevrilmiş həmin ərazilərdə bu gün hava limanları tikilir, avtomobil yolları, tunellər çəkilir, yaşayış məskənləri yenidən bərpa edilir. Bu işlər növbəti illərdə də davam edəcəkdir və Azərbaycan siyasi, iqtisadi, diplomatik imkanlarından istifadə edərək yalnız inkişafa doğru addımlayacaqdır.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.