Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
01 mart 2023 | 12:36
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
01 mart 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əmıkdaşları iştirak etdiyi tədbirdə Xocavənd rayonu üzrə Mülki müdafıə qərargahının rəisi Sevindik Hüseynov geniş mühazirə ilə çıxış etmişdir. Bildirmişdir ki, 1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” ilə əlaqədardır. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya müharibəsi zamanı (1914-18 illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır.
1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.
Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan Respublikası 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Təşkilatın vəzifələri həm müasir müharibələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.