Şriftin ölçüsü :

Saytın rəngi :

20 fevral 2024-cü il tarixdə Mingəçevir şəhərində məskunlaşmış rayon sakinləri ilə Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.

20 fevral 2024 | 16:32

20 fevral 2024-cü il tarixdə Mingəçevir şəhərində məskunlaşmış rayon sakinləri ilə Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.

   20 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Mingəçevir şəhərində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini fevralın 18-də qardaş Türkiyəyə etməsi əlaqələrimizin bu günü və sabahı barədə aydın təsəvvür yaratdı. İki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri dünyanın diqqətindən kənarda qalmır. Prezidentlər istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar. Həmçinin başçı qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Bu sənədlər münasibətlərin inkişafında möhkəm hüquqi baza rolunu oynayır. Türkiyənin bütün sahələrdə əlaqələrinin yüksələn xətlə inkişafı, ümumilikdə münasibətlərimizin dünyaya bir qardaşlıq nümunəsi olması dövlət başçısı İlham Əliyevin “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirlərinin təqdimatıdır. O da qeyd edildi ki, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında xüsusi qeyd etdi ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu mühüm addım sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir. Belə bir əminlik də ifadə edildi ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

   Eyvaz Hüseynov onu da əlavə edib ki, dünya bu qardaşlığın, dostluğun sarsılmazlığının 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı şahidi oldu. Hər iki hadisə sübut etdi ki, Türkiyə və Azərbaycan həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olmalarını sözdə deyil, əməldə təsdiqləyirlər. İkinci Qarabağ müharibəsinin başlandığı ilk anlardan Türkiyənin siyasi və mənəvi dəstəyini hiss edən və bundan böyük güc alan Azərbaycanın sonrakı addımlarına diqqət yetirdikdə qardaş ölkənin Prezidentinin daim cənab İlham Əliyevin yanında olduğunu görürük. Zəfər paradı, ardınca Qarabağın tacı Şuşada müttəfiqlik sənədinin imzalanması, daha sonra iki dost ölkənin prezidentlərinin iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması və sair kimi biri-birindən mühüm hadisələr dostluğumuzun təqdimatlarıdır. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

   Sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər