20 Sentyabr Dövlət Suverenliyi Günü münasibəti ilə tədbir keçirilib
20 sentyabr 2024 | 09:39
20 Sentyabr Dövlət Suverenliyi Günü münasibəti ilə tədbir keçirilib.
Xocavənd qəsəbəsində 20 Sentyabr Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının birinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları Şəhidlərin məzarını ziyarət edib, gül dəstələri ilə xatirələrin yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. O qeyd edib ki, qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Həmin qəhrəmanlarımızdan birinin də Şəhid Əhmədov Yusif Ələsgər oğlu olduğunu bildirən başçı Yusifin qəhrəmanlığından danışdı, döyüş yolu barədə tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə çıxış edən gənc müəllim Naib Əliyev, 4 saylı tam orta məktəbin Uşaq Birliyi təşkilatının rəhbəri Ləman Cəfərova , Şəhid Yusif Əhmədovun qardaşı Asif Əhmədov, antiterror əməliyyatlarının iştirakçısı Rəvan Rzayev əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu bildiriblər. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.