Şriftin ölçüsü :

Saytın rəngi :

20 Sentyabr Xocavənd Şəhəri Günü, Dövlət Suverenliyi Günü, antiterror əməliyyatlarının ildönümü və Şəhid Yusif Əhmədovun anım günü münasibəti ilə tədbir keçirilib

20 sentyabr 2026 | 09:18
20 Sentyabr Xocavənd Şəhəri Günü, Dövlət Suverenliyi Günü, antiterror əməliyyatlarının ildönümü və Şəhid Yusif Əhmədovun anım günü münasibəti ilə tədbir keçirilib.
Xocavənd qəsəbəsində 20 Sentyabr Dövlət Suverenliyi Günü və antiterror əməliyyatlarının üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları Şəhidlərin məzarını ziyarət edib, gül dəstələri ilə xatirələrin yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Başçı həmçinin bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu gün Xocavənd şəhərində dalğalanan üçrəngli dövlət bayrağımız milli suverenliyimizin və əbədi azadlığımızın təcəssümüdür.
​Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində hazırda Xocavənd şəhərində və bütün rayonda genişmiqyaslı bərpa və yenidenqurma işləri sürətlə davam etdirilir. Müasir infrastrukturun qurulması, sosial və iqtisadi obyektlərin inşası, təhlükəsiz yaşayış mühitinin yaradılması keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına ləyaqətli və təhlükəsiz dönüşünü təmin edir. Xocavənd addım-addım bölgenin mühüm iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməkdədir.
Başçı qeyd edib ki, qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Həmin qəhrəmanlarımızdan birinin də Şəhid Əhmədov Yusif Ələsgər oğlu olduğunu bildirən başçı Yusifin qəhrəmanlığından danışdı, döyüş yolu barədə tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə çıxış edənlər əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu bildiriblər. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.
Keçidlər