Qaradağlı kəndinin işğalında 23 il ötür
17 fevral 2015-ci il tarixdə Xocavənd rayonunun Qaradağlı kəndinin işğal olunmasının 23-cü ildönümü ilə bağlı “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər Xatirə Abidə Kompleksi” ziyarət olunmuşdur. Rayon Mədəniyyət evində davam etdirilən anım mərasimində bildirilmişdi ki, 1992-ci ilin 17 fevral tarixində Ermənistan ordusu və silahlı terror dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsil soyqırımı aktı həyata keçirmişlər. 800 nəfərdən çox sakini olan bu qədim Azərbaycan kəndinin ermənilər tərəfındən işğalı zamanı 118 nəfər əsir götürülmüş, 33 nəfər güllələnmiş, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərilərini torpaqlamışlar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilmişdir. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olmuşdur. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat etmişlər. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Müxtəlif vaxtlarda yaralanmış 28 nəfər kənd sakinindən 9 nəfəri qocalar, 5 nəfəri qadınlar olmuşdur. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş. 43 ailə Öz başçısını itirmiş, 1 ailədən hər iki valideyni qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadm, 8 nəfəri məktəbli olmuşdur. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rus və ingilis dillərində “Soyqırım: Qaradağlı”, azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir..” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilmiş, Garadaghlı. Org internet saytı yaradılmış, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı nəşr olunmuşdur.
Tədbir şəhidlərin xatirəsinə həsr ounmuş “Şəhidlər ölmür” adlı ədəbi-bədii kompozisiya nümayişi ilə başa çatmışdır.