Gənclərin iştirakı ilə “Dini dəyərlər və gənclik” mövzusunda konfrans keçirildi.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komisssiya və Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 fevral 2015-ci il tarixdə “Xocavənd” qəsəbəsində yerləşən rayon Mədəniyyət evində gənclərin iştirakı ilə “Dini dəyərlər və gənclik” mövzusunda konfrans keçirildi. Gəncləri milli-mənəvi, həmçinin dini dəyərlərə hörmət etməyə, radikal və qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qoşulmamağa səsləmək, ölkəmizdə milli-mənəvi dəyərlərin və onun tərkib hissəsi olan İslami dəyərlərin, həmçinin tolerantlıq ənənəsinin qorunması istiqamətində görülən işlər barədə gənclərin məlumatlılığını artırmaq məqsədi ilə keçirilən tədbirdə 133 nəfər iştirak edirdi.
Tədbirdə çıxış edən Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının müavini, Dini İşlər üzrə Komissiyanın sədri Əfsanə Quliyeva çıxış edərək ölkədə dövlət-din münasibətlərinin qanunvericilik bazasından, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, mövcud dini durumdan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb. Ə.Quliyeva din sahəsində qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini, bu gün gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və onların bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac olduğunu bildirdi.
Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev öz çıxışında vuğuladı ki, hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimizdir. Milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi dini dəyərlər ictimai münasibətlər sistemində xüsusi çəkisi ilə seçilərək mühüm tarixi rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənmişdir. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuş və hazırda Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində çoxşaxəli işlər həyata keçirir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir. Ölkə rəhbərliyi sözün əsl mənasında Azərbaycanın ən böyük sərvəti hesab olunan milli–mənəvi dəyərlər və mədəniyyətimizin keşikçisi rolunda çıxış edir. Möhtərəm prezidentimiz İlham Əliyevin sonsuz qayğı və diqqəti ilə tarixi – dini abidələrimizin bərpası davam etdirilir, insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olunmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, əsasən də gənclərin milli-mənəvi dəyərlə sadiq yetişməsinə böyük önəm verilir.
Daha sonra konfransda iştirak edən bəzi gənclər mövzu ilə bağlı öz fikirlərini bildirdilər.