Novruz bayramı münasibəti ilə N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.
Novruz bayramı münasibəti ilə 18 mart 2015-ci il tarixdə Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və rayon ictimaiyyətinin iştirakı ilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Bayram şənliyində çıxış edən Eyvaz Hüseynov ön xətdə xidmət çəkən əsgər və zabit heyətini salamlamış və onlara xoş arzularını çatdırmışdır. Başçı çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri diqqətə çatdıraraq bildirmişdir ki, Təhlükəsizlik Şurası birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləmiş, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu dönə-dönə vurğulamış və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz tamamilə çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şəraitin yaradılması barədə ciddi tələb irəli sürmüşdür. Eyvaz Hüseynov hələ də BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi qərarların icra olunmamasından təəssüfləndiyini bildirmişdir. Başçı Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirildiyini və hazırda beynəlxalq standartlara cavab verən, Silahlı Qüvvələrimizin, Milli Ordumuzun əsgər və zabitlərinin respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, Ermənistan silahlılarının nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, həmçinin ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazır olduğunu bir daha vurğulamışdır. Natiq regionda günü-gündən qüdrətlənən Azərbaycan ordusunun tezliklə Qarabağ torpaqlarını işğaldan azad edəcəyinə və həmvətənlərimizin doğma ata-baba yurdlarına qayıdacaqlarına inandığını bildirmişdir.
Tədbirdə N saylı hərbi hissənin əsgər və zabit heyətinə qiymətli hədiyyələr və bayram sovqatı paylanmışdır. Sonda iştirakçılara Rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivi tərəfindən hazırlanmış rəngarəng konsert proqramı təqdim olunmuşdur.