Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Rayon Polis Şöbəsində tədbir keçirilmişdir.

31 mart 2015 | 15:00

31 mart 2015-ci il tarixdə 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Rayon Polis Şöbəsində tədbir keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin də qatıldığı tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bildirilmişdir ki,  ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnmişdir. Mənfur düşmənlərimiz  nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu çirkin niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnmişdir. Kütləvi qırğınlar təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Ermənilər eyni zamanda Şamaxıda,  Qubada, Lənkəranda, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetirmişlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq.

Keçidlər