Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağa Doğru” devizi altında yürüş keçirilmişdir

30 sentyabr 2012 | 15:00

Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğalının 20 illiyinə etiraz əlaməti olaraq 29 sentyabr 2012-ci il tarixdə rayonun Nərgiztəpə ərazisinə “Qarabağa Doğru” devizi altında yürüş keçirilmişdir. Bildiririk ki, Nərgiztəpə təmas xəttinin yaxınlığında yerləşir. Bu ərazilərin Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsi olması və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində 1116 saylı inventar nömrəsi ilə qeydə alınmış orta Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə “Nərgiztəpə” maddi mədəniyyət abidəsinin burada yerləşməsi və 1994-cü ilin 10 aprel tarixində Ümummilli Lider Heydər Əliyevin burada Xocavənd taborunun döyüşçüləri ilə səngərdə görüşməsi, onlarla söhbət etməsi faktları bu ərazilərin mahiyyət etibarı ilə böyük əhəmiyyət daşımasını şərtləndirir. Səhər çağlarından başlanan yürüş Nərgiztəpə ərazisində şəhidlərimizin xatirəsinə ucaldılmış “Şəhidlər” abidə - xatirə kompleksi önündə toplantı ilə başa çatdırılmışdırdır. Rayon sakinləri, şəhid ailələri, müharibə veteranları, məktəblilər və ictimaiyyət nümayəndələrinin ümumilikdə iki min nəfərdən artıq insanın qatıldığı yürüş mitinqdə üç min metrə yaxın məsafə qət edilmiş, ermənistanın işğalçılıq siyasətini pisləyən, Qarabağı, işğal altında olan torpaqlarımızı azad etmək və tezliklə doğma yurdlara qayıtmaq istəklərindən bəhs edən şüarlar səsləndirilmişdir. Sonda yürüş iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti qəbul edilmişdir.
Məlumat üçün bildiririk ki, Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilmiş, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilmişdir. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılmışdır. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılmış, talan edilərək yararsız hala salınmışdır. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəymişdir. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilmişdir.
4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilmiş bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilmişdir. Bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak etmişlər. Xocavənd rayonunun təkcə Qaradağlı kəndində baş verənlər buna əsas verir ki, biz öz gücümüzə inanaq, öz iradəmizə güvənək. Ermənilərlə qeyri – bərabər mübarizədə 4 ay mühasirədə qalan kənd 77 nəfər şəhid vermişdir, bu da kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata - baba yurdlarının müdafiəsi uğrunda 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid vermişdir, bu da rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri deməkdir. Zorla cəlb olunduğumuz bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirmiş və ya əlil olmuş, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirmişdir. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olmuş, bir ailədən olan 3 uşaq hər iki valideynini itirmişdir. Lakin bütün itkilər, ağrı və acılar rayonun mərd, cəsur insanlarını heç bir vaxt sarsıtmamışdır. Məhz xocavəndlilərdən təşkil olunmuş özünümüdafiə taborunun apardığı döyüşlər nəticəsində Dağlıq Qarabağın - Xocavənd rayonunun bir hissəsi düşmənlərdən azad edilmiş və qorunub saxlanılmışdır.
 

Keçidlər